ANAma…
Nilufər Mugantürk
Bu dünyadı, elə bir insan yoxdu ki, onun sevdiyi ya da onu sevən insanlar olmasın. Ən şərəfsiz insanı, qatili, cinayətkarı, ən eybəcər, ən pis xasiyyətli insanı belə sevənlər mütləq var! Ama etiraf eləmək çətin olsa da, bunların əksəriyyəti qarşılıqlı sevgidi. Yəni, sən məni mənim səni sevdiyimçün sevirsən. Sənin sevginin sərhədi mənim biganəliyimə qədərdir.
Ümumiyyətlə, mən sevgini anladığım gündən, mənimçün sevginin üç “növü” var: ƏGƏR, ÇÜNKİ və RƏĞMƏN.
Qəbul etsək ya etməsək də, hamımızın həyatında sevginin hər üç halı var.
Hamımızın həyatında elə insanlar var ki, müəyyən tədbirlərdə, müəyyən şəraitdə qarşılaşmışıq, münasibət yaranıb və bizim onlara qarşı sevgimiz, hörmətimiz yaranıb. Ama bu hörmət, sevgi onların bizə eyni hissləri bəslədiyi müddətcə mövcuddur. Yəni, ƏGƏR, onlar bizə hörmət edib, sevirlirsə, biz də bunun qarşılığında hörmət saxlayır və sevirik. Nə vaxt ki, əksi olsa, biz də eyni qarşılığı verir, onları asanlıqla həyatımızdan çıxarırıq.
Eləcə də, hər birimizin həyatında elə insanlar var ki, onlara hörmətimiz var, sevirik, ÇÜNKİ, onlar da eyni hissləri bizə qarşı keçirirlər, ÇÜNKİ, onlar da bizə hörmət edir, bizi sevirlər.
Və bir də RƏĞMƏNlər var, BAXMAYARAQlar var. Hansı ki, sevginin ən ülvi, ən müqəddəs halıdı. Bizim hər halıyla, olduğu kimi qəbul etdiyimiz, bizi sevib sevməmələrindən asılı olmayaraq, hər şeyə RƏĞMƏN sevdiklərimiz, bizi sevənlər var.
Sevginin “çünki” və “əgər” halına, həyatımızdakı sırf hansı insanların, kimlərin daxil olduğunu da deyə bilərdim ama heç kimin ürəyinə xal salmaq istəmirəm. Ama RƏĞMƏNləri mütləq deməliyəm!
Birinci, bizi bütün uğursuzluqlarımıza, bütün pis vərdişlərimizə, pis xarakterimizə, RƏĞMƏN, sevən ən doğmalarımızdı: ata, ana, bacı və qardaşımız. Ama atanın da övladına bağışlamadığı, bacının, qardaşın da bir gün nifrətinə səbəb olacağı çox incə məqamlar var…(bir-iki məsələni bura daxil etmək olar ama uzatmaq istəmirəm)
Ikinci, bizi hər şeyə RƏĞMƏN sevən Sevgili var bu dünyada. Ya da bizim hər şeyə RƏĞMƏN sevdiyimiz Sevgili…
Varlığı, yaşamağı, sağ-salamat, xoşbəxt, üzündə təbəssüm, ürəyində rahatlıq olmağı, kiminlə, harada olmağından çox daha önəmli olan adamlar…
Üçüncü, bir də qatil oğlunu əlindən öpən, fahişə qızını bağrına basan, yer üzündə ən bağışlanmayacaq günahı düşünmədən əfv edən, bizi bütün çatışmamazlıqlarımıza, bütün pis tərəflərimizə, hər şeyə, hər şeyə RƏĞMƏN, sevməkdən heç vaxt, əsla vaz keçməyən, müqəddəs varlıqlar, qadınlar_ANAlar var yer üzündə…
“Heç kim məni sevmir” – deyə bağırdım!
Anam: “Mən hələ ölməmişəm” – dedi!
Cemal Süreya
Bizi onu sevib, sevmədiyimizi düşünmədən sevməkdən əsla vaz keçməyən, bizə hirslənib, üstümüzə qışqırıb, gizlincə ağlayan, bütün günahları bağışlayan, yer üzünün Tanrısı_ANAlar!!!
Doğru fikirdi ki, insanı ən çox incidən, elə ən çoz sevdikləridi. Insan çox sevdiklərinə sevgisini adətən olduğu kimi çatdıra bilmir, hətta yazıda belə… Sevdiklərinə də yazırsan nələrsə, yazırsan ama alınmır adətən, çox sevdiklərinə hisslərini sona qədər tökə bilmirsən misralara, sığdıra bilmirsən cümlələrə… Ən çox sevdiklərimiz, bəlkə də, ən az sevdiyimizi dediklərimizdi…
Bunu daha gözəl Can Yücel ifadə edib:
… Neçə dəfə yazdım
cibimdən uçub getdilər
Mən on yeddi yaşında məni yuyunduran
ANAma şeir yazacaq qədər şair deyiləm.
P. S. Güclə on-on beş dəqiqə “boş” vaxt tapıb yazdığım bu yazını, ömrünün iyirmi iki ilini, həyatının ən gözəl günlərini, ən dəyərli vaxtını mənə həsr edən, bütün kapirizlərimə dözən, başqalarının dözə bilmədiyi bütün pis xüsusiyyətlərimə RƏĞMƏN məni çox sevməkdən heç vaxt vaz keçməyən, bütün uğursuzluqlarımda, bütün uğurlarımda, yaxşı və pis günlərimdə, həmişə yanımda hiss elədiyim ANAma həsr edirəm. Adətən incitsəm də, üzünə nadir hallarda desəm də, Anamı çooox sevirəm! Yaxşı ki, varsan! Yaxşı ki, sənin qızınam! Yaxşı ki, bizim belə ailəmiz var! Doğum günün mübarək, dünyanın ən yaxşı ANAsı!!! Başımız dik, alnımız açıq olduğu müddətcə, yaşamağa gözəl səbəblərimiz var və olacaq…
Tarix: 17.02.12 saat: 19:00
Tarix: 30.12.11 saat:18:00 by_ Nilufər Muğantürk
Bu il də gəldiyi kimi_bizdən iznsiz gəlib, iznsiz də gedir. 2011 kiminin həyatına sevinc, səadət, kiminin də həyatına kədər, acı gətirdi. Kimini ürəyindəki arzulara çatdırdı, kiminin də xəyallarının üstündən qalın qara xətt çəkdi. Ama biz bir qonaqpərvər millət olaraq, bu ili də gülər üzlə qarşılayıb, yola salmağı bacardıq. Onsuz da ağrılı olan ürəyinizi bir az da mən ağrıtmaq istəmizdim ama bu ilin ən ağrılı yadda qalan hadisələrindən, təbbi fəlakətlərdən_zəlzələlər, sellər və ən əsası vaxtsız insan ölümlərindən yazmaq istədim…
Dünyada minlərlə insanın həyatını itirdiyi, yüz minlərlə insanın evindən didərgin düşdüyü fəlakətlərin ortaq nöqtəsi insanların bədbəxt olması deyil, onların birləşməsi, bir-birinə daha çox qayğı göstərməsi olmalıdır… Təbii fəlakətlərin_zəlzələlər, yanğınlar və sellərin aradan qaldırılması çətin olan problemlər yaratdığı azmış kimi, bu dəqiqə qlobal istiləşmə bəşəriyyəti ən çox təhdid edən problemlərdəndir.
Məncə, bu ilin ilk ən böyük fəlakətlərindən biri elə məhz Avstraliyadakı sel daşqınları oldu. Qitənin şərq əyalətlərini basan sel suları Brisbane kimi iri şəhərlər başda olmaqla Queensland əyalətindəki bir çox yerləri dağıtdı. Öldürücü fırtınalar, qasırğalar və şiddətli yağışlardan sonra Avstraliyanın o bölgəsində, sadəcə xarabaya çevrilmiş şəhərlər və yox olmuş əkin sahələri qaldı.
Zəlzələrin adi hala çevrildiyi Yaponiyada, bu dəfəki daha dəhşətli oldu. Mart ayında 9.0 bal gücündəki zəlzələ və ardından gələn sunaminin səbəb olduğu fəlakətdə, rəsmi məlumatlara görə 18 mindən çox insan həlak olub.
Okeanın o biri tərəfindən də az fəlakət xəbərləri gəlmədi. ABŞ-ın orta əyalətlərini vuran şiddətli qasırğalar, Missouri əyalətindəki Joplin qəsəbəsini rəsmi olaraq xəritədən sildi. 80-dən çox adamın öldüyü qəsəbədə müxtəlif cür epidemiya və xəstəliklər yayılmışdı. Daha sonra, avqust ayının sonunda Ayren qasırğası ABŞ-ın Nyu Cersi şəhərinə çoxlu ziyan vurdu. Bu fəlakətlərdən ABŞ-ın Qərb sahilləri də öz “payını” sellərlə aldı. Orta əyalətləri isə qasırğaların hədəfinə çevrildi. Texas əyaləti isə çox böyük əkinçilik sahələrini məhv edən yanğınlara məruz qaldı.
Sel sularıyla çarpışan ölkələr arasında Tayland, Bangkok da vardı. Daşqınlar həyatı bir andaca iflic edir.
Dünyanı həftələrlə sarsıdıcı təsiri altında saxlayan fəlakətsə Somalidəki aclıq və səfalətin öldürdüyü körpələrin dəhşətli fotoşəkilləri oldu. Somalidə hökm sürən güclü quraqlıq böyük fəsadlara yol açdı. 9 milyona yaxın əhalisi olan Somali aclıq, səfalət və bir sıra ağır xəstəliklərə məruz qaldı. Bunun nəticəsində də Somalidə hər gün 100-dək uşaq dünyasını dəyişirdi və bu hələ də davam edir.
Dünya ictimaiyyətinin gözü qarşısında baş verən bu amansız fəlakətin qarşısının almaq üçün bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, fiziki şəxslər tərəfindən Somaliyə yardımlar göndərildi ama bu köməksiz körpələrin dəhşətli ölümünün qarşısını almağa gec qaldı…
Bizi ən şox sarsıdan təbii fəlakət xəbəri qardaş Türkiyədən gəldi. Türkiyədə bu ilin ən dəhşətli fəlakəti Vanda baş verən zəlzələ oldu. Oktyabrın 23-də Van vilayətində 7,2 bal gücündə zəlzələ baş verdi. Bu sarsıdıcı zəlzələlə zamanı 600 nəfərdən çox adam həlak oldu, 4 mindən çox artıq adam yaralanmışdı. Bu fəlakət nəticəsində 2262 bina dağılıb, xarabalığa çevrildi.
Bu ilin ən son və ən böyük fəlakəti isə Filippində oldu. Bu fəlakət zamanı 2 minə yaxın insan həyatını itirdi.
Bu fəlakətlərdən ölkəmiz də nəsibini aldı. DƏLİ KÜR yenə də ağzının odunu, daha doğrusu suyunu Aranın üstünə tökdü. Daşqın Salyan başda olmaqla Neftçala, Sabirabad, Saatlı, İmişli, Şirvan, Kürdəmir, Hacıqabul rayonlarında fəsadlar törətdi.
Salyan ərazisində Qaraçala qəsəbəsi, Babazanlı, Bəkirbəyli, Pambıq kənd, Kərimbəyli, Seydan, Çuxanlı, Aşağı və Yuxarı Noxudlu və digər kəndələrin təsərrüfatları qurunt suları altında qaldı Ümumi götürsək, 1736 hektar ərazi, 2000 ev təbii fəlakətin fəsadlarını yaşadı. Ama daha dəhşətli fəlakət, daşqının əsas səbəbləri üzə çıxanda yaşandı.
Aranda məşhur olan Sarısu gölü var. Təxmini belə “sxem” qurulub ki, Kürdə su qalxan kimi, səviyyəni artıran artıq sular Sarısu hövzəsinə axır. Kürün səviyyəsi azalanda isə, əksinə, Göldəki sular Kürə yönəlir. Bir növ təbii tənzimləmə sistemi kimi rol oynayır Sarısu gölü. Daşqından sonra məlum oldu ki, həmin gölü Kürdən bəndlə ayırıblar. Kürün daşmağına da səbəb elə bu olur… Neçə ildir ki, gölün çaya axınının qarşısı alınaraq, böyük bir hissəsi hasarlanıb. Hazırda gölün sahilində “Gilan holdinq”ə məxsus iki böyük balıq vətəgəsi var. Gölü hansısa məmur-oliqarxın adamları nəzarətə götürüb, orada balıq yetişdirirlər. Göl mühafizəçilər tərəfindən gecə-gündüz qorunur. Bu hansısa “məmur-oliqarx” isə hamımızın gözəl tanıdığı Kəmaləddin Heydərovdur. “Bəy əfəndi”yə dağlıq rayonlar azlıq edir, indi də Arana keçib…
Bunlardan daha dəhşətli fəlakət isə qlobal istiləşmədir. Elm adamları, qlobal istiləşmənin dünyadakı ən böyük fəlakət olduğunu bildirir. Belə ki, qütblərdəki buzlaq nisbəti son 32 ilin ən aşağı səviyyəsinə enmiş vəziyyətdədir.
Yehovanın Şahidlərinin (dini sekta) fikrincə bu il dünyanın sonu olmalıydı ama bu “xəyal” fiaskoya uğradı. Maya qəbiləsinin hesablamalarına görə isə “dünyanın sonu” məhz 2012-ci ildə olacaq. Bunlar sadəcə uydurmadır. Bizsə bu uydurmaları öz xeyrimizə dəyişib hər saatımızı, hər günümüzü bacarmasaq da, heç olmasa hər ilimizi sonuncu ilimiz kimi yaşayaq. Unutmayaq ki, dünyanın sonunu gətirə bilən yeganə qüvvə elə onu YARADANın əlindədir!!!
Bu il ölkəmizdə hamının tanıdığı məşhurlar arasında da az ölüm faktı qeydə alınmadı. İlk qəfil ölüm, tanınmış müğənni Rüfət Mehdiyevin oldu. Bu xəbəri alanda xəstəxanadaydım. Vaxtsız ölüm daha sarsıdıcı olur… İkinci vəfat edən məşhur, “Bakılı oğlanlar” ŞHK.nun sevimli Məzisi Elçin oldu. Daha sonra gözəl kino-rejissor, YUG teatrının rəhbəri Vaqif İbrahimoğlunu ölümünü qarşıladıq. Muğamı başsız qoyanlardan biri Sabir Məmmədov oldusa da, “Sona Bülbülləri yetim qoyub” gedən Qədir Rüstəmov oldu. Ilin sonlarına yaxın Firəngiz Əhmədova da rəhmətə getdi.
Ama etiraf edim ki, məni daha çox ağrıdan iki gözəl insanın ölümü oldu. Hər ikisinin, Facebook səhifəmdə, dostluq siyahısında adları hələ də qalır və məchul müddətə qədər qalacaq. Biri, vaxtsız ölümüylə ürəkləri dağlayan, Bakılı Oğlanlar qrupunun daha bir üzvü_Anar Məmmədxanov, o biri isə müəmmalı, yersiz və zamansız ölümüylə adamı acı, kədər, nifrət və hiddətdə boğan, gözəl yazar Rafiq Tağının ölümü…
Diqqət yetirsək görərik ki, rəhmətə gedənlərin çoxu şən, zarafatcıl insanlar olub. Bəs, deyirlər gülüş ömrü uzadır? Nooldu, bəs, niyə bunları yarıda qoydu?! Demək unutmamalıyıq ki, “Ağlayanın bir dərdi varsa, gülənin min dərdi var.”
Mübarizə edən məğlub ola bilər, mübarizə etməyənsə zatən məğlub olmuşdur. B. BRECHT
Qoy, heç olmasa bu 2012-ci ildə AZADLIQ qazanaq! “Gətirsin”, “versin” deyə-deyə illəri yola veririk. Inanın, əzizlərim, biz mübarizə aparmasaq, Azadlığı göydən çantada bizə göndərməyəcəklər. Biz LAZIMı gözləmədən mübarizə aparıb, ehtiyacımız olanları özümüz almalıyıq!
Gələn Əjdahanın neçə başı var bilmirəm ama əmin olduğum bir şey var ki, bizdə MƏLİKMƏMMƏD`lər çoxdu. Ağ günlərə çıxmağa çox az qalıb!!!
Süleymana qalmayan dünya…
və ya
Patriarxın payızı…
Zaman böyük bir müəllimdir, ancaq çox təəssüf ki, daima şagirdlərini öldürür. (Curt Goertz)
Bəli, böyük müəllim çox şəxsiyyətləri öldürüb və öldürməkdə davam edir. Bu şəxsiyyətlər arasında, yaxşı ya pis olmasından asılı olmayaraq, C.Vaşinqton, A.Hitler, V.İ.Lenin, Ə.Sadat, M.Qarbaçov, M.K.Atatürk, İ.Qandi, Ə.Elçibəy, X.V.Qomes, S.Hüseyn, H.Əliyev, M.Qaddafi və başqaları var…
1998-ci il, Prezident seçkiləri öncəsi… (3-cü sinif, uşaqlıq xatirələri…)
O vaxtlar ölkənin bütün regionlarında, kəndlərində olduğu kimi bu “ənənə” bizim kənddə də yerinə yetirilirdi… Hansı ənənə??? Deməli, prezident avtomobilinin keçəcəyi magistral yolun kənarlarına məcburi çıxarılan dövlət işində çalışanların_bələdiyyə işçilərinin, həkimlərin, müəllimlər və xüsusilə əllərinə gül-çiçək verilərək, olub-bitəni anlamayaraqdan, yol kənarına “baba”sını qarşılamağa çıxan, üzündəki sevgisi təbii, içdən olan yeganə adamlar_məktəb şagirdlərinin yaratdığı “məhəbbət” portreti yaratma ənənəsi… Bu ənənə xüsusilə seçki qabağı prezidentin regionlara bir-bir təbliğata getdiyi vaxtlarda, prezidentin keçəcəyi magistral yolun kənarında yaşayan kənd əhalisinə məcburən daha tez-tez tətbiq olunurdu…
“Bu kəndlərin sakinləri milli bayram rəngində rənglənmiş qatara baxmaq üçün sahilə çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli əldən savayı ayrı bir şey görmürdülər. O isə sahilə – ona imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanga yarpaqları yelləyən adamlara baxıb, kövrələ-kövrələ için çəkir: – Bir baxın, kapitan, onlar məni sevir…” (Patriarxın payızı, səh 30)
“Ama lap ilk günlərdən bilirdi ki, onu aldadan – ilk növbədə, ətrafındakı yaltaqlardı; o, onların, hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu sevinə-sevinə tərifləyən və əbədi həyat arzulayan kütlələrin silah gücünə saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu yalanla, miskin, alçaq şöhrət həzləriylə yaşamağa öyrədirdi.” (Patriarxın payızı, səh.343)
Bəli, yol kənarında əlində gül-çiçək dəstələri, bayraqlar, şüarlarla düzlənmiş “prezidentsevər” əhalinin gördüyü, görəcəyi yalnız zirehli avtomobilin azca açılmış şüşəsindən biləyinə qədər çıxmış əl və rəngi şüşələrin arxasından yarıqaranlıqda “səmaya qaranlıq çökmüş kimi” qızartılı gözlər…
2003-cü il 12 dekabr. (8-ci sinif, məktəbli xatirələri…)
Nəhayət, aylardan bəri gəzən şayiələrə son qoyuldu. Bütün kütləvi informasiya vasitələri_televiziya, radiolar, qəzet-jurnallar Klivlenddən gələn ölüm xəbərindən, daha sonra isə matəm törənindən danışırdı. Bütün ölkə üzərinə qaranlıq ölüm pərdəsi çəkilmişdi, sanki…
“O, ölümün dediyi qaydada – ölümü, həmişəkindən az istədiyi bir vaxt – uzun illərin bəhrəsiz illüziyalarından, özü-özünü aldatmasından sonra nəhayət, insanların yaşamadıqlarını, yalnız mövcud olduqlarını dərk elədiyi ən uzun və yaradıcı həyatının yalnız sonunda – insan həyatını yaşamağı öyrənməyə çatdığını anlayan vaxt öldü. Sevmək qabiliyyətindən məhrum olduğuna inandığından, insan sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu qəlbində hakimiyyət iblisini yetişdirərək, hər bir şeyi ona qurban verdiyini, özünü könüllü qurbana çevirdiyini anlayan bir vaxt öldü.” (Patriarxın payızı, səh. 342)
O günlər bu günki kimi yadımdır…
“ Ardı-arası kəsilməyən, ucu-bucağı görünməyən adam axını cənazənin başına dolanırdı…” (Patriarxın payızı, səh. 43)
Sanki, qanadının biri, sapı özümüzdən olanlar tərəfindən qırılan qartala bənzər geniş, soyuq və qaranlıq teatr səhnəsində, qarşılıq olaraq bəzilərinə yağlı “əppək”, bəzilərinə “kreslo”, çoxuna isə boş vədlər, yalan sözlər verilən, “həvəskar” və “peşəkar” aktyorlar tərəfindən canfəşanlıqla oynanılan tamaşaydı… Çəpik səsləri və kinayəli gülüşlər isə uzaqlardan, Qərbdən gəlirdi. Qaranlıq künclərdə “tamaşa”nı ürək ağrısıyla seyr edən aydınlarınsa ümidi ölməmişdi…
“O, bizim anladığımız həqiqəti – həyatın çətin və ani olduğunu və bundan savayı ayrı bir həyatın olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək həyatımızdan xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik!”
Ölüm bütün canlılar üçün var, başda da insan olmaqla… Hər başlanğıcın bir sonu olduğu kimi, həyatın da sonu mütləq və mütləq ölümdür. Ama həyat və ölüm arasındakı boşluğu şərəfli yaşamla doldurmaq hər birimizin borcudur. Bu gün etdiklərimiz və xüsusilə etmədiklərimiz üçün gələcək nəsil arxamızca söyüb, nəhlətləməsin deyə…
“O, qocanın kimliyi, son günəcən nə bizə, nə də özünə aydın olmadı və axır ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq öz payızının son, donuq xəzəl axarıyla qaranlıq əbədiyyətə yollandı…” (Patriarxın payızı, səh.344)
Tarix: 12. 12. 2011 saat: 16: 40